Hürriyyət, istiqlal yolunun yolbayı

Hürriyyət, istiqlal yolunun yolbayı – 110 İLLİK MÜSAVAT

Məhəmməd Əmin Rəsulzadə — Vikipediya
Məhəmməd Əmin Rəsulzadə yoldaşları ilə. Sağdan sola: Abbasqulu Kazımzadə, Kərbəlayi Vəli Mikayılov, Nəsib bəy Yusifbəyli, Mirzə Məmməd Axundov, Məhəmməd Əmin Rəsulzadə, Məmməd Əli Rəsulzadə, Tağı Nağıyev

Almaz Əliqızı

Filologiya elmləri doktoru, professor,

Mə­həmməd Əmin Rəsulzadə hələ Türkiyədə olarkən dəfələrlə dostlarına bildirmişdi ki, mütləq siyasi bir partiya yaratmaq lazımdır və vacibdir. Beləliklə, Rəsulzadə və onun yaxın silahdaşları 1911-ci ildə «Müsəlman demokratik «Müsavat» partiyası»nın əsasını qoyurlar və çox çəkmir ki, Rəsulzadə partiyanın rəhbəri olur.

«Müsavat» partiyası XX əsrin əvvəllərində Azərbaycanda gedən proses­lə­rin nəticəsi kimi, xalqın milli ehtiyaclarını əks etdirən tarixi zərurət kimi mey­da­na gəldi.

Yarandığı gündən «Müsavat» partiyası Azərbaycanda və bütövlükdə Qafqaz­da gedən siyasi proseslərin önündə getmiş, Azərbaycanın İstiqlal bəyannaməsinin elan edilməsində həlledici rola malik olmuşdur. Yarandığı gündən digər partiya­lardan fərqli olaraq «Müsavat» partiyası Azərbaycanın müstəqil­liyi və dövlətçiliyi uğrunda həmişə mübarizə aparmış, Azərbaycanın hər hansı bir dövlətə ilhaqına qarşı olmuş, xalqın ruhundan yaranan bir siyasi təşkilat olaraq milli və mənəvi dəyərləri həmişə bütün siyasi qərarların qəbul edilməsində önə çəkmişdir.

Böyük məhrumiyyətlərə, hər cür sıxıntı və çətinliklərə baxmayaraq, ardıcıl və məkrli siyasi təqiblər nə «Müsavat»ı, nə də onun lideri M.Ə.Rəsulzadəni usandıra bilmədi. Türk tarixçisi Tahir Sünbüloğlunun 1990-cı ildə Ankarada nəşr olunmuş «Azərbaycan dosyası» adlı əsərində millətimizin siyasi şüurunun formalaşması, millət olaraq öz hüquqları uğrunda mübarizə aparmasını «Müsavat»ın adıyla bağlayır. Digər tarixçi alim Ehsan İlqar isə «Rusiyada birinci müsəlman konqresi» kitabında Rusiyada yaşayan müsəlman xalqları haqqında, onların siyasi oyanışı haqqında geniş məlumat verir. Maraqlısı odur ki, tarixçi alim M.Ə.Rəsulzadənin həmin konqresdəki çıxışını digər çıxışlardan fərqli olaraq tam halda vermişdir. Çünki, həmin konqresdə çıxış edənlərin hamısı müsəlman xalqlarına mədəni muxtariyyət deyil, milli-ərazi muxtariy­yə­ti məsələsini irəli sürür və təkid edirdi.

ABŞ alimi Tadueş Svyatoxovskinin «Rus Azərbaycanı 1905-1920-ci illərdə Müsəlman cəmiyyətində milli birliyin yaranması» adlı əsərində qiymətli material­lar vardır. Əsər­də Müsavat Partiyasının yaradılması, onun proqramları təhlil edil­miş, partiyanın Zaqafqaziya Seyminin yaradılmasında həlledici rolu göstərilmişdir. Azərbayca­nın istiqlal bəyannaməsinin elan edilməsi, Müsavat Partiyası üzvlərinin həm parla­mentdə, həm də təşkil olunan hökumət kabinetlərində iştirakı haqqında əsərdə zəngin məlumatlar vardır. Eyni zamanda əsərdə Paris sülh konfransında Azər­baycan nümayəndə heyətinin iştirakı geniş şərh edilmişdir.

Göründüyü kimi həm yerli, həm də dünya alimlərinin də qeyd etdikləri kimi M.Ə.Rəsulzadənin və onun başqanı olduğu «Müsavat» partiyasının Azərbaycan xalqının taleyində oynadığı əvəzsiz və müstəsna rol bir daha təsdiq edilməkdədir.

Çar Rusiyasında Qafqaz müsəlmanı, yaxud «tatar» deyə çağırılan xalqın adının türk olduğunu ilk dəfə M.Ə.Rəsulzadə sübut edir. Məhz bu ildən, yəni 1915-ci ildən başlayaraq Rəsulzadə «ümmət» və ümmətlilik dövrünü qapayır, milliy­­yət, türk millət­çiliyi dövrünün başlandığını bir daha bəyan edir. «Açıq söz» qəzeti əslində o vaxt gizli fəaliyyət göstərən «Müsavat» partiyasının orqanı idi, bu partiyanın məqsəd və məramını, siyasi xəttini, tutduğu mübarizə yolunu göstər­məkdə önəmli  rol oynayırdı.

1917-ci ildə baş vermiş fevral burjua inqilabı zor və qılınc gücünə Rus imperiyası daxilində əriməyə məhkum edilmiş xalqlarda öz dövlətlərini yaratmaq istəyini gücləndirdi. Bu sahədə «Açıq söz» qəzetinin səhifələrində yazılmış məqalələr xalqın maariflənməsi yolunda misilsiz işlər gördü. Fevral burjua inqilabından bir qədər sonra Bakıda çağırılmış Qafqaz müsəlmanlarının qurultayında çıxış edən M.Ə.Rəsul­zadə ilk dəfə olaraq Rusiyanı federativ şəkildə qurmaq məsələsini gündəmə gətirdi.

Qeyd etmək lazımdır ki, Rusiyanı federativ şəkildə qurmaq məsələsi ilk dəfə idi ki, ciddi şəkildə gündəmə gəlirdi. Qurultay Rəsulzadənin təklifini qəbul etdi. Məhz həmin illərdə ictimai-siyasi prosesləri və xalqın böyük ək­səriy­yətinin arzu və istəyini nəzərə alan mütəfəkkir «Cəmaət idarəsi», «Bizə hansı hökumət faydalı­dır?» kitablarını çap etdirir. Rəsulzadə bu əsərlərində Rusiyanı federativ formada qurmaq üçün əraziləri təxmini olaraq Türk-tatarlığı, Türküstan, Azərbaycan-Da­ğıstan, Qazaxıstan və Başqırdıstan ərazi bölgüsünü təklif edir. Çox çəkmir ki, Rəsulzadənin təklifi və yaxından iştirakı ilə «Müsəlman Demokratik «Müsavat» Partiyası» ilə «Türk Ədəm Mərkəziy­yət» Partiyası birləşib «Türk Ədəm Mərkə­ziyyət» Partiyası «Müsavat»ın ya­ran­ması ilə siyasi proseslərdə sanki bir canlanma baş verir. Belə ki, «Müsavat» par­tiyası və onun ölümsüz və şəriksiz lideri M.Ə.Rə­sulzadə yeni situasiyanın yarandığını görərək siyasi prosesləri sürətləndirmək üçün bu vaxta qədər görünməmiş siyasi və taktiki gediş edir. Partiya nəinki Azər­bay­canın bütün regionlarında, Rusiyanın Stavropol, Həştərxan, Ukraynanın, Gür­cüs­tanın və Ermənistanın paytaxtlarında, habelə Türküstanın mərkəzi sayılan Daş­kənddə, Cənubi Azərbaycanın Təbriz şəhəri də daxil olmaqla demək olar ki, bütün şəhər və bölgələrində, İranın Gilan vilayətinin paytaxtı Rəştdə, Türkiyənin paytaxtı İstanbulda və əyalətlərində həmçinin bir sıra bölgələrində partiyanın şöbələri yara­nır. Bu isə nəinki Şərqdə və türk dünyasında, hətta dünya tarixində də misli bəra­bəri olmayan bir hadisə idi. Bir siyasi təşkilatın bu qədər böyük bir ərazini əhatə edə bilməsi, hətta yaxın və uzaq xarici belə əhatə dairəsinə ala bil­məsi böyük şəx­siy­yət, şəriksiz lider, uzaqgörən və peşəkar siyasətçi, milli ideologiyamızın təməl daşlarını qoyan, bənzərsiz şəxsiyyət M.Ə.Rəsulzadənin siyasi uzaqgörənli­yinin, siyasi fəhminin, bacarıq və istedadının və Müsavat partiyasının böyük zəhməti nəticəsində baş verdi. 1917-ci il oktyabrın 26-dan oktyabrın 31-ə qədər davam edən və 500 nümayəndənin qatıldığı təntənəli birləş­dirici qurultay Mə­həmməd Əmin Rəsulzadəni sədr seçdi. Məhz bu qurultaydan sonra Bütün Azərbaycanda «Azər­baycana muxtariyyət» adı altında böyük bir hərəkat başlandı. Həmin müddət Azərbaycan tarixinə «Milli Azərbaycan hərəkatı» kimi daxil oldu. M.Ə.Rəsul­za­də­nin yaxın silahdaşı Mirzəbala Məmməd­zadənin «Milli Azər­bay­can hərəkatına bir baxış» adlı monumental əsərində həmin dövrün hadisələri özünün parlaq ifadəsini tapır.

Rəsulzadə 1917-ci ildə Rusiya parlamentinə Azərbaycan və Türküstanın mil­lət vəkili seçilir. Həmin zaman Zaqafqaziya seymi daxili çəkişmələr və fraksiya­lar­arası mübarizə nəticəsində dağılır və müsəlman partiyaları birləşərək Azərbaycan Milli Şurasını yaradırlar. M.Ə.Rəsulzadə isə səs çoxluğu ilə Milli Şuranın sədri seçilir. 1918-ci il mayın 28-də isə bütün ölkələrin radiostansiyaları Azərbaycan istiqlaliyyətinin elan olduğu xəbərini verirlər.

M.Ə.Rəsulzadə Müstəqillik elan ediləndən təxminən 20 gün sonra Milli Şuranın iclasında alovlu bir nitq söyləyir.

Əfsuslar olsun ki, min bir əziyyətlə qurulmuş Azərbaycan Xalq Cümhu­riy­yəti 1920-ci ildə vəhşi və qaniçməyə adətkərdə olmuş rus ordusu tərəfindən süquta yetdi və Rəsulzadə aprel hadisələrindən sonra həbs olundu. Bundan sonrakı dövr Rəsulzadənin mühacirət dövrü başlayır. Lakin bütün mənbələr, xüsusilə Əbdül­vahab Yurdsevərin xatirəsindən bir daha aydın olur ki, Rəsulzadənin qaçırılması, mühacirətə getməsi Müsavat partiyasının ən doğru qərarı idi. Rəsulzadə mühacirət dövründə də Azərbaycan istiqlalının mütləq qələbə çalacağına inanırdı. Çünki onun səpdiyi toxumlar mütləq cücərəcəkdi. Çünki yaratdığı Müsavat Partiyası milli məfkurənin, Müsavatçılıq ideologiyasının öləziməsinə imkan vermədi.

Türk-müsəlman dünyasında ilk demokratik və ən qocaman partiya olan Mü­savatın 110 illik yubileyi tək Şimallı Cənublu Azərbaycanın deyil, bütün türk dünyasının, dünyanın dörd bir yanına səpələnmiş Vətən övladlarının hamısı üçün qürur və şərəf mənbəyidir. Bir əsrlik tarixi olan Müsavat və müsavatçılıq ideologiyası tarixdə elə bir iz qoydu ki, onu sevənlər, ona tapınanlar onun işığına yığışdıqları, onun uğrunda canlarından belə keçməyə hazır olduqları üçün xalqın qan yadda­şında ədəbi iz qoydular. Ona naxələflik edənlər, ona düşmən kəsilənlər də tarixdə qaldı. Ancaq necə?! Millətə qənim kəsilənlər, milli kökdən ayrılanlar, ləyaqətsizlik və şərəfsizlik simvolu kimi.

Bu təşkilat mövcud olduğu 110 ildə ən çətin məqamlarda, ən mürəkkəb dö­nəmlərdə həmişə xalqla birlikdə oldu, millət, Vətən və xalq mənafeyini demokratik dəyərlərlə paralel apardı.

Müsavat partiyası əsrin bütün keşməkeşlərindən və burulğanlarından ona görə ləyaqətlə çıxdı ki, onun başında M.Ə.Rəsulzadə kimi fenomen bir şəxsiyyət durmuşdu. Bu gün böyük və şərəfli yolu ləyaqətlə davam etdirənlər böyük öndər Rəsulzadənin təməlini qoyduğu «Müsavat» partiyasında toplaşıblar.

Nə həbslər, nə «çörəklə imtahana çəkilmə», nə də amansız təqiblər böyük məslək sahibi olan bu insanları tutduqları yoldan çəkindirmədi. Millətimizə milli istiqlalı verən, Şərqdə ilk demokratik Cümhuriyyəti quran, 70 ildən sonra Cüm­huriyyətin yenidən bərpa olunmasında ən önəmli sırada olan «Müsavat» par­tiyası bu gün də dimdik ayaq üstündədir. İnanırıq ki, o Güneyli-Quzeyli Bütöv, Demok­ratik Azər­baycanın qurulmasında da uca millətimizin yanında və önündə olacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma